Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Abşeron rayonunda işəgötürənlər üçün “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil edib.
Tədbirdə Xidmətin Abşeron–Xızı regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 40-a yaxın şəxs iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Təlimdə iştirakçılara əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarının qanunvericiliklə necə tənzimləndiyi izah edilib.
Bundan əlavə, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək qeyd olunub, həmçinin yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.
Sonda müvafiq mövzular üzrə iştirakçıların sualları cavablandırılıb.