Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Növbəti təlim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilib. Tədbirdə universitetin 22 tələbəsi iştirak edib.
Tədbirdə əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bununla yanaşı, gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı mövzular müzakirə olunub.
Həmçinin iştirakçılara “Vision Zero” konsepsiyasının əsas prinsipləri təqdim olunub, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Təlim çərçivəsində iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr də səsləndirilib.
Görüş interaktiv müzakirələrlə davam edib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.