Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlər üçün Bərdədə “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə Nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 40-dan çox iştirakçı yer alıb.
Görüş zamanı sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə həyata keçirilən islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti, Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, eləcə də Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər barədə geniş məlumat verilib.
Tədbirdə həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat təqdim olunub.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir “Əmək və məşğulluq” (ƏMAS) altsistemində aparılmış təhlillər əsasında, iqtisadi fəaliyyət növləri üzrə qadınların nisbətən az təmsil olunduğu müəssisələrdə çalışan işəgötürənlərin iştirakı ilə həyata keçirilib