Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin iştirakı ilə oktyabr ayının 2-sində Caspian Energy Club tərəfindən “Grand HR Summit” təşkil edilib.
Tədbir “İşəgötürənlərlə əməkdaşlıq: Mövcud və gələcək layihələr” mövzusuna həsr olunub. Tədbirdə hökumət rəsmiləri, özəl sektordan olan rəhbər və nümayəndələr, ekspertlər, yerli və beynəlxalq şirkətlərin nümayəndələri və mütəxəssislər iştirak edib.
Görüş çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Tədbiri Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıb.
Vəli Quliyev əmək qanunvericiliyinə son dəyişikliklər barədə ətraflı danışıb. Həyata keçirilən son yeniliklər, elektronlaşmaya keçid istiqamətində Xidmətin gördüyü və planlaşdırdığı işlər, yeni layihələr, o cümlədən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verib.
Daha sonra sertifikatların təqdimatı və “Caspian Energy Award” mükafatının verilməsi mərasimi keçirilib.
Tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.