Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlər üçün Bərdədə “Əlilliyi olan şəxslərin əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında növbəti maarifləndirmə tədbiri keçirib.
Görüşdə 80-dən çox işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Tədbirin açılış nitqini Xidmətin Qarabağ regional şöbəsinin rəisi Akif Baxşəliyev edib. A.Baxşəliyev DƏMX tərəfindən mütəmadi olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb və müzakirə edilən mövzuların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra regional şöbənin əməkdaşları “Əlilliyi olan şəxslərin əmək hüquqları" və “İş yerlərində əməyin mühafizəsi” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbir iştirakçılarına müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin əmək hüquqları barədə işəgötürənlərin öhtəlikləri və əmək qanunvericiliyinin tələbləri izah olunub. Eyni zamanda təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və bacarıqları, eləcə də iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət nəzarətinin rolu müzakirə edilib.
Tədbirdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Bərdə rayonundakı nümayəndəsi Məhər Atakişiyev çıxış edərək, “İş vaxtından artıq işlərə cəlb olunma hallarında məcburi əməyin elementləri” mövzusunda iştirakçılara məlumat verib.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.