Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta” mövzusunda növbəti onlayn maarifləndirici tədbir keçirib.
Görüşdə 60-a yaxın müəssisədən nümayəndə iştirak edib.
Xidmətin Mil-Muğan regional şöbəsinin əməkdaşları mövzu ilə bağlı geniş təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi normaları və qaydalarının müəyyən edildiyi qanunvericiklik aktları, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə ətraflı məlumat verilib. Çıxışlar zamanı qeyd edilib ki, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.
Görüş zamanı diqqətə çatdırılıb ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
Həmçinin istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması prosesi barədə işəgötürənlər məlumatlandırılıb və istehsalatda baş verən bədbəxt hadisələrdən sığortanın önəmi diqqətə çatdırılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.