Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Saatlı rayonunda işəgötürənlər üçün “Əmək və icra intizamının təmin edilməsi qaydaları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə region üzrə Nazirliyin strukturuna daxil olan digər qurumların, Saatlı Rayon İcra Hakimiyyətinin və ictimai birliklərin nümayəndələri ilə yanaşı, Mil-Muğan regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid 73 müəssisə və təşkilatı təmsil edən 200-dək şəxs iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mil-Muğan regional şöbəsinin rəisi Şahin Əzizov Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, tədbirdə müzakirə olunan mövzuların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra regional şöbənin əməkdaşı Əlyar Əmirov “Əmək və icra intizamının təmin edilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edərək müəssisədaxili intizam qaydalarının həm işçilər, həm də işəgötürənlər üçün məcburi xarakter daşıdığını qeyd edib.
Tədbirdə Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Mədinə Mirili də çıxış edərək Mərkəzin fəaliyyəti, əmək hüquqları və əməyin mühafizəsi sahəsində göstərilən məsləhət xidmətləri barədə məlumat verib. O, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırıb.
Müzakirə formatında davam edən görüşdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Saatlı rayon komitəsinin sədri Seyidismayıl Abbasov və Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor müavini Firuzə Əliyeva mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşüblər.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.