Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuz rayonunda “Əmək və icra intizamının təmin edilməsi qaydaları, işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Qazax-Tovuz regionunda yerləşən müəssisələrin işəgötürənləri iştirak edib.
“Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzularında videoçarx nümayiş olunub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional şöbəsinin nümayəndələri çıxış edərək əmək və icra intizamının təmin edilməsi qaydaları ilə bağlı ətraflı məlumat veriblər. Müəssisədaxili intizam qaydalarının həm işçilər, həm də işəgötürən üçün məcburi olduğu diqqətə çatdırılıb.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin, Yeni Azərbaycan Partiyasının, Dövlət Məşğulluq Agentliyinin regional bölmələrinin nümayəndələri tərəfindən mövzu ətrafında çıxışlar edilib.
Sonda Xidmətin əməkdaşları tərəfindən iştirakçıların sualları cavablandırılıb.