Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Görüşdə əməyin mühafizəsi ilə bağlı birgə maarifləndirmə işlərinin aparılması, işəgötürənlərə DƏMX tərəfindən Əmək və Məşğulluq Alt Sistemində müvafiq metodiki köməkliyin göstərilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin müzakirəsi, istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün əməyin mühafizəsi işinin təşkili istiqamətində tədbirlərin görülməsi ilə bağlı müzakirə aparılıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə qurumlar arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, birgə görüləcək işlər faydalı əməkdaşlığa gətirib çıxaracaq. ASK-nin nümayəndələri görüşün təşkilindən məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıblar. Görüşdə əmək sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.