Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Lənkəran şəhərində maarifləndirmə tədbiri təşkil olunub.
Görüşdə “Qeyri-formal məşğulluğun qarşısının alınması”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzuları müzakirə olunub.
Tədbirdə “Qanunu bil, həyatı asanlaşdır” şüarı çərçivəsində əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, son dəyişikliklər digər bir sıra qanunlarda ümumilikdə 400-dən çox dəyişiklik edilməsini nəzərdə tutub. Qəbul edilmiş yeni qanunvericilik aktlarının əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması və əmək bazarında şəffaflığın artırılmasıdır. Dəyişikliklərin tətbiq mexanizmləri və praktik icra məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda tətbiq edilən yeniliklərlə bağlı ən çox sual doğuran məsələlər geniş şəkildə izah olunub, hüquqi boşluqların aradan qaldırılması və normativ tələblərin düzgün tətbiqi istiqamətində açıqlamalar verilib.
Görüşdə Nazirliyin və onun tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, həmçinin Xidmətin Lənkəran–Astara regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 120-yə yaxın şəxs iştirak edib.
Çıxışlarda qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin leqallaşdırılması və sosial rifahın artırılması baxımından maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Tədbirdə həmçinin gender bərabərliyinin təşviqi, xüsusilə qadınların qeyri-formal məşğulluğa qarşı məlumatlandırılması və onların əmək bazarında hüquqlarının qorunmasının vacibliyi barədə iştirakçılara məlumat verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.