Əmək müfəttişləri, dövlət və özəl sektorun işəgötürənləri üçün regionlarda təlimlər təşkil edilib.
Təlimlər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birgə təşkilatçılığı əsasında baş tutub.
Görüşlər Bərdə, Ağcabədi və Tərtərdə Qadın Resurs Mərkəzlərində keçirilib.
Təlimlərin məqsədi qadınların peşəkar iş həyatında inkişaf etmək üçün bərabər imkanlarla təmin edilməsini müzakirə etmək olub.
Təlim zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 may tarixli 172 nömrəli Qərarına xüsusi diqqət verilib.
Aralarında xarici ekspertin də yer aldığı təlimçilər bu Qərarın qadınların əmək bazarına çıxışı və onların məşğulluluğun artırılması məqsədi daşıması barədə məlumat veriblər.
Tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və özəl sektorun 50-yə yaxın nümayəndəsi iştirak edib.
Tədbirlər müzakirə və sual cavablarla davam etdirilib.