Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində tədbirlər davam edir.
Bu dəfə Abşeronda işəgötürənlər üçün təşkil olunan maarifləndirmə tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də Abşeron-Xızı regionunda fəaliyyət göstərən 50 müəssisənin təmsilçiləri iştirak ediblər.
Tədbir zamanı əmək qanunvericiliyi sahəsində son illərdə həyata keçirilən islahatlar, Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə məlumat verilib. Həmçinin Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə göstərdiyi xidmətlər və Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
İştirakçılar qadınların əmək hüquqlarının təmin edilməsi və əmək münasibətlərində gender bərabərliyi prinsipinin qorunması barədə məlumatlandırılıblar. İşə qəbul, əmək şəraitinin müəyyən edilməsi, əməkhaqqının ödənilməsi, vəzifə bölgüsü və karyera yüksəlişi zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi vurğulanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Məmmədova çıxışında “Gender bərabərliyi”, “Bərabər imkanlar” və “Cinsi mənsubiyyətə görə ayrı-seçkilik” anlayışlarına aydınlıq gətirib. Bildirilib ki, gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyini, bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını və onların cəmiyyətdə bərabər sosial vəziyyətini ifadə edir. Bərabər imkanlar insan hüquqlarının həyata keçirilməsi üçün qadın və kişilərə bərabər şərait və təminatların yaradılmasını, cinsi mənsubiyyətə görə ayrı-seçkilik isə cinsi əlamətə əsasən hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən hər hansı fərq, istisna və ya üstünlüyü nəzərdə tutur.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.