İşəgötürənlər və onların nümayəndələri üçün əmək müqavilələrinin elektron sənəd formasına keçidi ilə əlaqədar Əmək və Məşğulluq Alt Sistemindən (ƏMAS) istifadə prosedurlarına dair növbəti təlim keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən təlimdə Nazirliyin və Xidmətin mütəxəssisləri ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları barədə məlumat veriblər.
Bildirilib ki, artıq əmək müqavilələri kağız üzərində deyil elektron sənəd formasında bağlanılmalıdır. Dəyişikliyə əsasən əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda bağlanılmış hesab olunur.
Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli Qərarına əsasən, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin mərhələli şəkildə (dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək) aparılması iştirakçıların diqqətinə çatdırılıb.
Təlimdə, həmçinin işəgötürənlərə “Business Ready” hesabatı barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.