Normativ sənədlərin və standartların hazırlanması, müzakirəsi, ekspertizası ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK 21) üzrə Texniki Komitənin növbəti iclası keçirilib.
İclasda Komitə sədri Prezident İlham Əliyevin yeni Fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin yaradılmasını komitə üzvlərinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlərin göstərilməsi və bu sahələrdə təlimlərin keçirilməsi, eyni zamanda işəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətlərinin verilməsi, metodiki dəstəyin göstərilməsi Mərkəz tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulur.
İclasda AZSTAND/TK 21 standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əmək və peşə sahəsi üzrə, eyni zamanda işlərin təhlükəsiz icrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitinin təmin edilməsi, işçilərin sağlamlığının qorunması standartlaşma işinin təşkil edilməsi barədə, həmçinin Komitənin gündəliyi üzrə qaldırılan məsələlər müzakirə edilib. Müzakirələr nəticəsində 2023-2024-cü illərə dair hazırlanan Fəaliyyət Planı təqdim edilərək yekdilliklə qəbul edilib. Təsdiq ediləcək Fəaliyyət Planında əməyin mühafizəsi ilə bağlı Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların hazırlanması nəzərdə tutulmuşdur.
Xatırladaq ki, AZSTAND/TK 21 standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əmək və peşə sahəsi üzrə, eyni zamanda işlərin təhlükəsiz icrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitinin təmin edilməsi, işçilərin sağlamlığının qorunması standartlaşma işinin təşkil edilməsi məqsədilə yaradılıb.