Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) 2025-ci il üzrə yekun iclası keçirilib.
İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təqdim olunan yeni standart layihələri, həmçinin əmək sahəsində normativ tənzimləmələrin təkmilləşdirilməsi istiqamətində görülmüş və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Gündəliyə uyğun olaraq, Texniki Komitənin 2025-ci il üzrə Fəaliyyət Planında hazırlanması nəzərdə tutulan 111 standartın icra vəziyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, cari tarixədək onlardan 88-i dövlət standartı kimi qəbul edilib. Fəaliyyət Planı üzrə təqdim edilən son 22 yeni milli standart layihəsi iclasda müzakirə edilərək müsbət qiymətləndirilib və təsdiq üçün müvafiq qaydada aidiyyəti quruma təqdim olunması qərara alınıb.
Eyni zamanda bildirilib ki, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlamentin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib. Texniki reqlament üzrə istinad standartlarının hazırlanması 2025-ci il üzrə əsas prioritetlərdən biri kimi müəyyən edilib.
İclasda, həmçinin AZSTAND/TK21 çərçivəsində standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əməyin və peşə təhlükəsizliyinin təmin edilməsi, bədbəxt hadisələrin qarşısının alınması, təhlükəsiz iş şəraitinin yaradılması və işçilərin sağlamlığının qorunması istiqamətində görülən işlər müzakirə olunub.
Bununla yanaşı, əmək sahəsində qəbul edilmiş dövlət standartlarının iş yerlərində tətbiqi, Texniki Komitənin digər fəaliyyət istiqamətləri və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, üzvlərin təklifləri dinlənilib.
Sonda vurğulanıb ki, 2026-cı il üçün də əməyin mühafizəsi sahəsində, xüsusilə fərdi mühafizə vasitələri üzrə istinad standartlarının hazırlanması və təsdiqi planlaşdırılır və bu istiqamətdə işlərin sistemli şəkildə davam etdirilməsi vacib hesab olunur.