Əmək üzrə 36 yeni dövlət standart layihəsi qəbul olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK 21) üzrə Texniki Komitənin onlayn formatda növbəti iclası keçirilib.
Görüşdə 2024-cü ilin Fəaliyyət Planına uyğun olaraq hazırlanmış 36 milli standart layihələrinə dair rəy və təkliflər müzakirə edilib. Bildirilib ki, təqdim edilən standart layihələri əməyin təhlükəsizliyi, mühafizəsi, fərdi mühafizə vasitələri, istehsal avadanlığı, təhlükəsiz əmək şəraiti, təhlükəli və zərərli istehsalat amilləri (onların yol veriləbilən yuxarı həddləri) və digər işin səmərililiyini, keyfiyyətini daha da artıracaq sahələri əhatə edib.
Bundan əlavə, iclasda standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əmək və peşə sahəsi üzrə, eyni zamanda işlərin təhlükəsiz icrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitinin təmin edilməsi, işçilərin sağlamlığının qorunması standartlaşma işinin təşkil edilməsi barədə, həmçinin Komitənin gündəliyi üzrə qaldırılan məsələlər müzakirə edilib.
Sonda hazırlanmış 36 yeni dövlət standart layihəsi və Texniki Komitənin 2025-ci ilin Fəaliyyət Planı yekdilliklə qəbul olunub və təsdiq üçün müvafiq quruma təqdim edilməsi barədə qərar qəbul edilib.