Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə Ağdərə və Tərtərdə növbəti maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlər Ağdərə rayonunda fəaliyyət göstərən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Tərtər (Suqovuşan qəsəbəsi, Talış kəndi) rayonunda fəaliyyət göstərən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tabeliyində 9 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin 85 nəfər işçi heyətini əhatə edib.
Maarifləndirmə tədbirləri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlər çərçivəsində iştirakçılara yaddaş kitabçaları, maarifləndirici bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, sualları cavablandırılıb.
Tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsinə dair bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.