Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün Ağdaşda maarifləndirmə tədbiri keçirib.
Görüşdə Nazirliyin digər qurumlarının nümayəndələri, sosial tərafdaşlar, işçi sayı çox olan ağır, zərərli və təhlükəli sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
“İş yerlərində əməyin mühafizəsi”, “Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər”, “Əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar”, mövzularında keçirilən görüşdə Nazirliyin Əmək Siyasəti şöbəsinin və Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı təqdimatlarla çıxış ediblər.
Görüşdə işəgötürənlərə əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası haqqında, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib.
Bundan əlavə, tədbirdə Xidmətin Mərkəzi Aran regional şöbəsinin əməkdaşları əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar ilə bağlı təqdimat vasitəsilə çıxış ediblər.
Bildirilib ki, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmçinin işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulan ödənişlər barədə məlumat verilib.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.