Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün Bərdədə maarifləndirmə tədbiri keçirib.
“İş yerlərində əməyin mühafizəsi”, “Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər”, “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzularında keçirilən görüşdə işçi sayı çox olan, ağır, zərərli və təhlükəli sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.
Görüşdə Xidmətin regional şöbəsinin əməkdaşları “İş vaxtının növləri, işvaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” ilə bağlı çıxış ediblər.
Həmçinin Nazirliyin Aparatının Əmək Siyasəti şöbəsinin və Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşlarının da iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı geniş təqdimatları olub.
İşəgötürənlərə əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası haqqında, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə həmçinin Nazirliyin digər qurumlarının nümayəndələri və sosial tərafdaşlar iştirak edib. Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.