Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən daha iki müəssisədə işçilər üçün əməyin mühafizəsinə dair praktiki təlimlər təşkil olunub.
“DKT İnşaat Sənaye və Ticarət Anonim Şirkəti”ndə və “DOST İş Mərkəzi” MMC-nin Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsində keçirilən təlimlərdə ümumilikdə 29 əməkdaş iştirak edib.
Təlimlər müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidmətinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə həsr olunub. İştirakçılara bu sahədə qanunvericiliyin tələbləri, risklərin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunması, eləcə də təsdiq edilmiş dövlət standartları barədə ətraflı məlumat verilib.
Həmçinin “Vision Zero” konsepsiyasının əsas prinsipləri təqdim edilib, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Təlim çərçivəsində iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, peşə risklərinin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr verilib.
Qeyd edək ki, bu təlimlər işçilərin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılmasına, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsinə, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına, eləcə də müəssisələrdə profilaktik yanaşmanın və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir.