Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmininə dair maarifləndirici təlimlər davam etdirilir.
Təlimlər əsasən bədbəxt hadisələrin nisbətən çox baş verdiyi müəssisələrin əməkdaşları üçün təşkil olunur.
Təlimlərin məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, eləcə də əməyin mühafizəsi üzrə dövlət standartlarının tətbiqi barədə ətraflı məlumat verməkdir.
Eyni zamanda, təlimlər istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, bu sahədə bilik və bacarıqların artırılması istiqamətində maarifləndirmənin genişləndirilməsini hədəfləyir.
Tədbirdə Əməyin Mühafizəsi Mərkəzi, İcbari Sığorta Bürosu və Standartlaşdırma İnstitutunun nümayəndələri əməyin mühafizəsi, icbari sığorta, həmçinin standartların tətbiqi mövzularında təqdimatlarla çıxış ediblər. Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.