İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirləri Füzuli rayonunda davam edir.
Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təşkil edilən növbəti tədbirdə 11 müəssisə üzrə ümumilikdə 147 rəhbər və işçi heyət iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində göstərdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb. Bundan əlavə, işəgötürənlərə əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartları haqqında ətraflı məlumat verilib.
Tədbir iştirakçıları layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti, əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb. Eyni zamanda, tədbirin təşkilatçısı olan qurumların fəaliyyət istiqamətləri və əmək münasibətlərinə verdikləri dəstək barədə geniş məlumat verilib.
Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşları iştirak edib.
Tədbirlərin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.