Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncədə işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Qeyri-formal məşğulluğun qarşısının alınması" və "İş yerlərində əməyin mühafizəsi" mövzularını əhatə edib.
Görüşdə Xidmətin Gəncə-Daşkəsən regional şöbəsinin xidməti ərazisində yerləşən “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksində çalışan işçi və işəgötürənlər iştirak ediblər.
Tədbir zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı çıxış edərək, Mərkəzin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. O, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırıb.
Həmçinin tədbirdə Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı barədə ətraflı məlumat verilib və mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan işlərdən bəhs olunub.
Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.