Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İmişlidə maarifləndirmə tədbiri təşkil olunub.
Görüşdə “İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzuları müzakirə edilib.
Tədbirdə “Qanunu bil, həyatı asanlaşdır” şüarı çərçivəsində əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, dəyişikliklər bir sıra qanunvericilik aktlarında ümumilikdə 400-dən çox düzəliş edilməsini nəzərdə tutur. Bu yeniliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması və əmək bazarında şəffaflığın artırılmasıdır. Dəyişikliklərin tətbiq mexanizmləri və praktik icra məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə Nazirliyin və onun tabeliyində fəaliyyət göstərən qurumların, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimai birliklərin təmsilçiləri, həmçinin Xidmətin Mil-Muğan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 200-ə yaxın şəxs iştirak edib.
Çıxışlarda istehsalatda baş verən bədbəxt hadisələrdən sığorta, iş yerlərində əməyin mühafizəsi sahəsində işəgötürənlərin hüquq və vəzifələri, həmçinin məsuliyyətləri barədə məlumat verilib. İştirakçıların diqqətinə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, eləcə də tətbiq olunan standartlar və “Vision Zero” yanaşmasının əsas prinsipləri çatdırılıb.
Tədbirdə həmçinin gender bərabərliyinin təşviqi, qadınların qeyri-formal məşğulluğa qarşı məlumatlandırılması və onların əmək bazarında hüquqlarının qorunmasının vacibliyi barədə məlumat verilib. Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və standartların tətbiqi ilə bağlı göstərilən dəstək haqqında məlumat təqdim olunub.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.