İşəgötürənlər tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ödənilməsi gecikdirilən 161 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib. Həmin vəsaitin 96,7%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, mavinət və kompensassiyalar olub.
Həmçinin DƏMX əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 32 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, hesabat dövründə DƏMX tərəfindən 3815 sayda ərizə (şikayət) araşdırılıb, 2744 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 2633 vətəndaş fərdi qaydada qəbul edilib.