Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçidi ilə əlaqədar Əmək və Məşğulluq Alt Sistemindən istifadə prosedurlarına dair işəgötürənlər və onların nümayəndələri üçün təlimlər keçirilir.
Təlimlər həm əyani formada, həm də onlayn keçirilir.
Ötən iki ay ərzində 2000-dən çox şəxsə onlayn formada, 400-ə yaxın şəxsə isə əyani təlimlər keçirilmişdir.
Nazirliyin və Xidmətin mütəxəssisləri ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları barədə məlumatlar veriblər.
Bildirilib ki, artıq əmək müqavilələri kağız üzərində deyil elektron sənəd formasında bağlanılmalıdır. Dəyişikliyə əsasən əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda bağlanılmış hesab olunur.
Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli Qərarına əsasən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələli şəkildə (dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək, İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək) aparılır.
Tədbirdə həmçinin işəgötürənlərə “Business Ready” hesabatı barədə məlumat verilib.
Bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.