Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə təşkil olunub.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin və İsmayıllı rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları, həmçinin məktəbin pedaqoji kollektivi və 70-ə yaxın yuxarı sinif şagirdi iştirak edib.
Şagirdlərə uşaqların əmək hüquqları, əmək qanunvericiliyində yetkinlik yaşına çatmayan şəxslərin əməyinin tənzimlənməsi ilə bağlı müəyyən edilmiş tələblər, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə, həmçinin uşaq əməyinin istismarına qarşı mübarizənin, məcburi əmək və insan alveri hallarının qarşısının alınmasında aidiyyəti qurumlar arasında əməkdaşlığın və maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.