Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun mərkəzində iki maarifləndirmə tədbiri keçirilib.
Tədbirlər Kəlbəcər rayonunda fəaliyyət göstərən 5 müəssisə üzrə 128 nəfəri əhatə edib.
Maarifləndirmə tədbirləri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılara yaddaş kitabçaları, maarifləndirici bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, suallar cavablandırılıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsinə dair bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.