Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəranda işəgötürənlər üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin nümayəndələri ilə yanaşı, Lənkəran-Astara regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 100-ə yaxın şəxs iştirak edib.
Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara regional şöbəsinin rəis müavini Rasim Rəhimov, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, “İnsan Hüquqları Aylığı”na (18 may – 18 iyun) təsadüf edən bu tədbirdə müzakirə olunan mövzuların aktuallığını iştirakçıların diqqətinə çatdırıb.
R.Rəhimov işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin Qərarından da bəhs edib. O, özəl sektor üzrə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesinin artıq yekunlaşmaq üzrə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov işçi hüquqlarının qorunmasının və gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin analığın mühafizəsi sahəsində işəgötürənlərin məsuliyyətinin artırılmasının önəmini qeyd edib.
Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Mədinə Mirili də çıxış edərək, Mərkəzin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. O, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırıb.
Həmçinin tədbirdə Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı barədə ətraflı məlumat verilib və mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan işlərdən bəhs olunub.
Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.