Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib. Tədbir Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə “Uşaq əməyinin istismarı” mövzusunda təşkil olunub.
120-dən çox şagirdin iştirak etdiyi tədbirdə uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tədbirdə şagirdlərə əmək hüquqları, əmək münasibətləri və əmək qanunvericiliyi barədə ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi şagirdlərin əmək hüquqları ilə bağlı biliklərinin artırılması və onların gələcək əmək fəaliyyətinə dair maarifləndirilməsi olub.
Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti vurğulanıb, məcburi əmək və insan alverinin qarşısının alınmasında birgə fəaliyyətin və maarifləndirmə işlərinin vacibliyi qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.