Naxçıvan Dövlət Universitetində “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan Muxtar Respublikasının Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Maarifləndirici tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbə və müəllim heyətindən ibarət 32 nəfər iştirak edib.
Təlim zamanı Mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək əməyin mühafizəsi sahəsində əsas tələblər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, eləcə də qüvvədə olan qanunvericiliyin müddəaları barədə iştirakçılara ətraflı məlumat veriblər.
Bununla yanaşı, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, yeni qəbul edilmiş standartlar, həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və göstərdiyi metodiki dəstək barədə məlumatlar diqqətə çatdırılıb.
Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.