Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik”, “İstehsalatda baş verən bədbəxt hadisələrin qeydiyyata, uçota alınması və istehsalatda baş verən bədbəxt hadisələrin və peşə xəstəliklərinin icbari sığortası” mövzularında maarifləndirici təlim keçirilib.
Təlim Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilib.
Maarifləndirici görüşdə Xidmətin və Mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçılara işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ətraflı məlumat veriblər.
Təlimdə həmçinin müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Görüş zamanı həmçinin diqqətə çatdırılıb ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
Maarifləndirici görüşdə 30-a qədər nümayəndə iştirak edib. Görüş çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.