Naxçıvan Muxtar Respublikasında bərbər və manikür sahəsində çalışan şəxslər üçün iş yerlərində əməyin mühafizəsi üzrə maarifləndirici təlim keçirilib.
Təlim Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində təşkil olunub və “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr edilib.
Tədbir Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilib. Təlimdə bir müəssisədən 30 nümayəndə iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, həmçinin yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat veriblər.
Bununla yanaşı, iştirakçılara Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə də məlumat təqdim olunub. Tədbirin sonunda suallar cavablandırılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.