Naxçıvan Muxtar Respublikasında “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirici tədbir təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilib.
Maarifləndirici görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşları təqdimatlarla çıxış edərək qadınların əmək hüquqları, analığın mühafizəsi və gender bərabərliyi ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə geniş məlumat veriblər. Bildirilib ki, iş mühitində gender bərabərliyinin təmin olunması yalnız qadınların hüquqlarının qorunması baxımından deyil, həm də ümumi əmək məhsuldarlığı və təşkilati mədəniyyətin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Tədbirdə həmçinin müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi və Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirici tədbirdə dövlət və qeyri-dövlət müəssisələrini təmsil edən 20-dən çox nümayəndə iştirak edib. Görüş çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.