Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə işəgötürənlər və onların nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilib.
Maarifləndirmə tədbirində dövlət və qeyri-dövlət sektorunu təmsil edən 68 qurumdan ümumilikdə 96 nümayəndə iştirak edib.
Tədbir “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər”, “İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub.
Çıxışlar zamanı tədbirin əhəmiyyəti və əsas məqsədləri iştirakçıların diqqətinə çatdırılıb, mövzular üzrə təqdimatlar edilib. Bildirilib ki, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər əmək münasibətlərində şəffaflığın artırılmasına, habelə işəgötürənlərin və işçilərin hüquq və vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edir.
Eyni zamanda, işəgötürənlərə istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, müəssisələrdə əməyin mühafizəsinin təşkili və işçilərin təlimatlandırılması qaydaları barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, tədbirin əsas məqsədi əmək münasibətləri sahəsində son dəyişikliklər barədə məlumat vermək, onların tətbiq mexanizmlərini izah etmək və praktiki məsələlərə aydınlıq gətirməkdir.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.