Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.
Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşının iştirakı ilə baş tutub. Tədbirdə müxtəlif müəssisələri təmsil edən 10 nəfər nümayəndə iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı ətraflı məlumat veriblər. Bununla yanaşı, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılar məlumatlandırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.