Naxçıvan Muxtar Respublikasında iş yerlərində əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Növbəti onlayn təlim “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr olunub.
Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşının iştirakı ilə keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon İcra Hakimiyyəti və onun tabeliyində fəaliyyət göstərən 20 müəssisənin 25 nümayəndəsi iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, eləcə də bu sahədə qəbul edilmiş yeni standartlar barədə ətraflı məlumat veriblər. Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub. Sonda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.