Naxçıvan Muxtar Respublikasında "Əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası" mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Maarifləndirici görüşdə Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşı təqdimatla çıxış edərək iştirakçılara işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və iş yerlərində attestasiyanın keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
Təlimdə həmçinin müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirici görüşdə dövlət və qeyri-dövlət müəssisələrini təmsil edən 30-dan çox nümayəndə iştirak edib. Görüş çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.