Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə baş tutan təlim Naxçıvan Muxtar Respublikasının Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Maarifləndirici görüşdə Şahbuz Rayon Təhsil Şöbəsi və məktəb rəhbərliyini təmsil edən 23 nəfər iştirak edib.
Təlimdə Mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, həmçinin mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və göstərilən metodiki dəstək barədə iştirakçılara məlumat çatdırılıb.
Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.