Naxçıvan Muxtar Respublikasında ISO 45003 “Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə”, “İş yerində psixoloji sağlamlıq və təhlükəsizlik” və “Psixososial risklərin idarə edilməsi üzrə rəhbəredici göstərişlər” mövzularında təlim təşkil olunub.
Təlimdə Dövlət Əmək müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və Mərkəzin Naxçıvan filialının, “ENNA” MMC-nin 15 əməkdaşı iştirak edib.
Tədbirin məqsədi iş yerlərində psixoloji sağlamlıq və təhlükəsizliyin təmin edilməsi, psixososial risklərin müəyyən olunması və idarə olunması üzrə beynəlxalq standartların tələbləri barədə iştirakçıların bilik və bacarıqlarının artırılmasıdır.
Təlim zamanı stress, iş yükü, iş mühiti, ünsiyyət və təşkilati faktorların işçilərin psixoloji sağlamlığına təsiri, eləcə də risklərin qarşısının alınması yolları barədə iştirakçılara ətraflı məlumat verilib.
Qeyd olunub ki, ISO 45003 standartının tətbiqi iş yerlərində sağlam və təhlükəsiz psixoloji mühitin formalaşdırılmasına, əmək məhsuldarlığının artırılmasına və işçilərin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir.
Sonda təlim iştirakçılarının mövzu üzrə sualları cavablandırılıb və praktiki müzakirələr aparılıb.