Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə "Qadınların əmək hüquqları, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta həmçinin iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları" ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müəssisələrin işəgötürənləri olmaqla 190 nəfər iştirak edib.
İştirakçıklara Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Mövzularla bağlı təqdimatlar üzərindən çıxışlar edilib. Müvafiq istiqamətlər üzrə əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıların həm mövzular, həm də yeni yaradılmış Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti ilə bağlı suallar cavablandırılıb.