Naxçıvan Muxtar Respublikasında məktəb direktorları üçün iş yerlərində əməyin mühafizəsi üzrə maarifləndirici təlim keçirilib.
Təlim Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbdə təşkil olunub və “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr edilib.
Tədbir Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilib. Təlimdə Naxçıvan şəhəri üzrə 18 ümumi təhsil müəssisəsinin direktoru iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, həmçinin yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat veriblər. Bununla yanaşı, iştirakçılara Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə də məlumat təqdim olunub.
Tədbirin sonunda suallar cavablandırılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.