Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi (Mərkəz) ilə birgə "İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları." mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 40-a yaxın müəssisənin 100 nəfərədək əməkdaşı iştirak edib.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. Məzuniyyət və istirahət hüququ barədə iştirakçılar ətraflı məlumatlandırılıb, əsas və əlavə məzuniyyətlər, onların müddətləri, sosial məzuniyyətlər barədə geniş məlumatlar verilib.
Mərkəzin əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.