Naxçıvanda “Əməyin mühafizəsinə dair ümumi tələblər, istehsalatda bədbəxt hadisələr, yanğın təhlükəsizliyi və ilk yardım qaydaları” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin təşkilatçılığı ilə keçirilən təlimdə 20-dən çox şəxs iştirak edib. Tədbir çərçivəsində iştirakçılara əməyin mühafizəsi üzrə ümumi tələblər, sağlam və təhlükəsiz iş mühitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, həmçinin yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.
Eyni zamanda Mərkəzin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.