Naxçıvan Muxtar Respublikasında əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə olan “Cahan Holdinq”ə məxsus “ENNA” MMC-yə infotur təşkil olunub.
İnfotur Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi ilə keçirilib.
Tədbirdə 10 istehsal müəssisəsinin əməyin mühafizəsi üzrə mühəndisləri iştirak ediblər.
İnfotur çərçivəsində iştirakçılar müəssisənin fəaliyyəti, istehsal prosesi, iş yerlərində təhlükəsizlik qaydalarının tətbiqi və əməyin mühafizəsi sahəsində görülən işlərlə tanış olublar. Onlara müəssisədə yaradılmış təhlükəsiz əmək şəraiti, istifadə olunan texnologiyalar, istehsalat prosesində risklərin idarə olunması, elektrik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi ilə bağlı məlumat verilib.
Tədbirin əsas məqsədi əməyin mühafizəsi sahəsində qabaqcıl təcrübələrin paylaşılması, istehsal müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və təhlükəsiz əmək mühitinin təşviq edilməsidir.