Naxçıvan Muxtar Respublikasında məktəb direktorları üçün iş yerlərində əməyin mühafizəsi mövzusunda maarifləndirici təlim təşkil olunub.
Culfa şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən tədbir “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası” mövzusuna həsr edilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının, Naxçıvan Təlim Mərkəzinin nümayəndələri və müxtəlif müəssisələri təmsil edən 30 iştirakçı yer alıb.
Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin formalaşdırılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, həmçinin yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçılara təqdim edilib. Tədbirin sonunda suallar cavablandırılıb və iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.