Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən növbəti maarifləndirmə tədbiri Nərimanov rayonu 151 nömrəli tam orta məktəbdə təşkil olunub.
Tədbirdə ümumi təhsil müəssisəsi üzrə 90 şagird iştirak edib.
Tədbir çərçivəsində şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə məlumat verilib. Əməyin mühafizəsi qaydalarına riayət olunmasının sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından vacibliyi diqqətə çatdırılıb.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.