Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən növbəti maarifləndirmə tədbiri Bakı şəhəri 109 nömrəli tam orta məktəbdə təşkil olunub.
Tədbirdə ümumtəhsil müəssisəsinin 40-a yaxın şagirdi iştirak edib. Görüş çərçivəsində iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və fərdi sağlamlıq üçün əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, eləcə də tətbiq olunan standartlar və “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, əməyin mühafizəsi tələblərinə riayət olunması xəsarət və risklərin qarşısının alınmasına, sağlamlığın qorunmasına və təhlükəsiz əmək mühitinin təmin edilməsinə xidmət edir.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.