Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə şəhərində işəgötürənlər üçün maarifləndirici tədbir təşkil edilib.
Tədbir “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar”, “İş yerlərində əməyin mühafizəsi”, eləcə də “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzularına həsr olunub.
Maarifləndirici tədbir “Əmək və məşğulluq” (ƏMAS) altsistemində aparılmış təhlillər əsasında iqtisadi fəaliyyət növləri üzrə qadınların nisbətən az təmsil olunduğu müəssisələrdə çalışan işəgötürənlərin iştirakı ilə keçirilib.
Tədbirdə Nazirliyin və onun tabeliyində olan qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 50-yə yaxın şəxs iştirak edib.
Görüş zamanı sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə həyata keçirilən islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, uşaqların əmək hüquqlarının qorunması, məcburi əmək və insan alverinə qarşı mübarizə mexanizmləri, eləcə də Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdə həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında məlumat təqdim olunub. Sonda iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb.