Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Salyanda işəgötürənlər üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil edib.
Tədbirdə ictimai birliklərin nümayəndələri, həmçinin Xidmətin Şirvan-Salyan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 50-yə yaxın şəxs iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi qeyd edilib, həmçinin yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırılıb.
Bundan əlavə, tədbirdə Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı barədə ətraflı məlumat təqdim olunub. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan islahatlardan bəhs edilib.
Sonda müvafiq mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.